Finss.az - Azərbaycan Çinə toyuq əti, xüsusilə də toyuq ayağı ixracına başlamağa hazırlaşır.
Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli məlumat verib. Onun sözlərinə görə, Çin artıq idxala razılıq verib və hazırda sənədləşmə və akkreditasiya prosesi yekunlaşmaq üzrədir.
“Yaxın bir-iki həftə ərzində sənədləşmə tamamlansa, ixraca start veriləcək. Çin bizim üçün yeni və böyük bir bazardır,” – deyə Mürvət Həsənli bildirib.
Sədr həmçinin qeyd edib ki, ölkənin quşçuluq sahəsi sürətlə inkişaf edir. Yerli istehsalçılar damazlıq və süfrə yumurtası sahəsində daxili tələbatı qarşılamaqla yanaşı, artıq xarici bazarlara çıxış imkanlarını da genişləndiriblər. Bu isə valyuta gəlirlərinin artmasına təkan verir.
Qeyd edək ki, artıq 2024-cü ilin mart ayından etibarən Azərbaycandan ABŞ-a süfrə yumurtası ixracı həyata keçirilir. Yanvar-aprel aylarında bu ölkəyə 1,45 milyon dollar dəyərində 15,8 milyon ədəd yumurta göndərilib. Eyni dövrdə BƏƏ-yə 2,39 milyon dollarlıq 38,1 milyon ədəd, Syerra-Leoneyə isə 50,6 min dollarlıq 792 min ədəd yumurta ixrac edilib.