Finss.az - Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyədə yerləşən “STAR” Neft Emalı Zavodu 2025-ci ilin aprel ayında mayeləşdirilmiş neft qazı istehsalını əhəmiyyətli dərəcədə artırıb.
Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EPDK) açıqladığı məlumata görə, zavod həmin ay 18 910 ton maye neft qazı istehsal edib ki, bu da 2024-cü ilin aprel ayındakı 16 617 ton göstəricisi ilə müqayisədə 13,8 faiz artım deməkdir.
Eyni zamanda, “STAR” zavodunun aprel ayında idxal etdiyi neft həcmi də artaraq 932 104 tona çatıb. Bu, 2024-cü ilin aprelindəki 863 654 tonla müqayisədə 7,9 faiz çoxdur.
2018-ci ilin oktyabrında fəaliyyətə başlayan “STAR” Neft Emalı Zavodu Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsi olaraq, neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir. 2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona yüksəlib.
Zavod dizel, nafta, aviasiya yanacağı və digər neft məhsullarının istehsalı ilə yanaşı, illik nafta istehsalı ilə Türkiyədəki Petkim neft-kimya kompleksinin xammal tələbatını demək olar ki, tam təmin edir. Bu artan göstəricilər “STAR”ın Türkiyənin enerji sektorundakı əhəmiyyətli rolunu və SOCAR-ın regional investisiya strategiyasının uğurlu nəticələrini göstərir.