Yunanıstan–Bolqarıstan qaz interkonnektorunun (IGB) müstəqil operatoru ICGB şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı bazar marağının qiymətləndirilməsi prosesinə icbari olmayan mərhələdə start verib.
Finss.az şirkətin məlumatına əsasən xəbər verir ki, qiymətləndirmə qonşu qaz nəqli sistemi operatorları ilə sıx əməkdaşlıq şəraitində aparılır və məqsəd IGB-nin ötürücülük gücünün illik 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılmasının məqsədəuyğunluğunu müəyyən etməkdir. Maraqlı bazar iştirakçıları 1 sentyabr 2025-ci ilədək öz məcburi olmayan müraciətlərini təqdim edə bilərlər.
ICGB-nin icraçı direktorları Georgi Satlas və Teodora Georgieva bildiriblər ki, ötürücülük qabiliyyətinin genişləndirilməsi Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət kəsb edir və bu, Bolqarıstana şaxələndirilmiş təbii qazın təminatında əsas rol oynayır. Onlar həmçinin qeyd ediblər ki, tərəfdaşlarla birgə regionda enerji təchizatının əlaqələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində səylər davam etdiriləcək.
Prosesin növbəti mərhələsində ICGB və qonşu operatorlar hər qoşulma nöqtəsində tələbin qiymətləndirilməsi ilə bağlı hesabatlar hazırlayacaq, hansı ki, layihə təkliflərinin hazırlanması, məsləhətləşmələr və tənzimləyici təsdiqlər üçün əsas rol oynayacaq.
Qeyd edək ki, IGB qaz kəməri 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsi tərəfindən idarə olunur. Şirkətin səhmdarları BEH EAD (50%) və IGI Poseidon (50%) təşkil edir. IGI Poseidon Yunanıstanda qeydiyyata alınmışdır və onun səhmləri DEPA International Projects (Yunanıstan) və Edison S.p.A (İtaliya) arasında bərabər bölünüb.
IGB qaz kəməri Yunanıstanın Komotini bölgəsində milli qaz nəqli sistemi DESFA və Trans-Adriatik Qaz Kəməri (TAP) ilə, Bolqarıstanda isə Stara-Zaqora bölgəsində Bolqarıstanın qaz nəqli sistemi Bulgartransgaz EAD ilə birləşir. Kəmərin ümumi uzunluğu 182 km, boru diametri 32 düymdür və cari ötürücülük gücü illik 3 milyard kubmetr təşkil edir. İqtisadi şərtlərə və bazar tələbinə əsasən ötürmə gücünün 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.