Beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın kredit reytinqini “Baa3” səviyyəsinə yüksəldərək onu investisiya kateqoriyasına daxil edib.
Finss.az xəbər verir ki, bu, şirkətin əvvəlki “Ba1” səviyyəsindəki korporativ reytinqindən və “Ba1-PD” defolt ehtimalı reytinqindən bir pillə yuxarı səviyyəni ifadə edir. Agentlik həmçinin SOCAR-ın emitent reytinqini “Baa3” səviyyəsində müəyyən edib və proqnozu “müsbət”dən “sabit”ə dəyişib.
“Moody’s”in qərarı Azərbaycan iqtisadiyyatında institusional səmərəliliyin artması, fiskal dayanıqlığın möhkəmləndirilməsi və makroiqtisadi sabitliyin qorunması ilə izah olunur. Agentlik bildirir ki, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, xüsusilə nəqliyyat və qeyri-neft sektorlarında inkişaf, həmçinin SOCAR-ın əməliyyat mühitinin sabitləşməsi bu reytinq artımında əsas rol oynayıb.
Maliyyə göstəriciləri və sabit pul axını
SOCAR son illərdə sabit əməliyyat və azad pul axını (FCF) nümayiş etdirib. Şirkətin EBITDA marjası 2023-cü ildə 9,1%, 2024-cü ildə isə 10,1% olub. Müqayisə üçün, bu göstərici 2022-ci ildə 11,8%, 2021-ci ildə 8,7%, 2020-ci ildə isə 6,2% idi.
2025–2026-cı illərdə də şirkətin pul axınının sabit qalacağı proqnozlaşdırılır. Bu dövrdə azad pul axınının (RCF) xalis borca nisbəti təxminən 30%, borcun kapitala nisbəti isə 25% səviyyəsində gözlənilir – bu da əvvəlki dövrlərə nisbətən daha müsbət dinamikadır.
Borc yükü və konsolidasiyalar
SOCAR-ın ümumi borc yükü 2024-cü ildə 2,9x-ə yüksəlsə də, bu göstərici 2021-ci ildəki 3,4x və 2018–2020-cü illərdəki orta 5,2x səviyyəsindən aşağıdır. Borcun artmasına səbəb “Southern Gas Corridor” CJSC-nin konsolidasiyası olub – belə ki, bu qurumun bütün borcu və gəliri SOCAR-ın 2024-cü il maliyyə hesabatına daxil edilib.
Şirkət 2025-ci ildə 5,9 mlrd. manatlıq yeni borc cəlb etməyi, bu vəsaiti isə 15 mlrd. manatlıq borcun ödənilməsinə və 2,2 mlrd. manatlıq birləşmə-satınalma əməliyyatlarına yönəltməyi planlaşdırır. 2024-cü ilin sonuna SOCAR-ın nağd pul və depozitlər üzrə balansı 13,1 mlrd. manat təşkil edib.
Hasilat və beynəlxalq genişlənmə
2024-cü ildə neft hasilatı 3,8%, qaz hasilatı isə 8,3% azalıb. Bu dinamika agentlik tərəfindən müəyyən risk kimi qiymətləndirilsə də, SOCAR bu azalmaları qısamüddətli əməliyyat dəyişkənliyi kimi dəyərləndirir və orta və uzunmüddətli sabitlik proqnozu verir.
Şirkət hasilatı dəstəkləmək məqsədilə beynəlxalq upstream fəaliyyətlərini genişləndirir. 2024-cü ildə SOCAR BƏƏ-nin ADNOC şirkətindən Umm Lulu və Satah Al Razboot dəniz neft yataqlarında 3% pay alıb. 2025-ci ildə isə İsrailin Tamar dəniz qaz yatağında 10% pay əldə etməklə resurs bazasını artırıb.
Fuad Məıdətov
Finss.az