2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2,9 milyon ton neft emal edilib.
Energetika Nazirliyindən Finss.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 300 min ton və ya 9,4% azdır.
Keçən ilin ilk yarısında ölkədə neft emalı 3,2 milyon tona yaxın olmuşdu.
Cari ilin ilk 6 ayında ölkədə ümumilikdə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 1,9 milyon tonu “Şahdəniz” kondensatı, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşür. SOCAR üzrə neft hasilatı 3,5 milyon ton təşkil edib.
Eyni dövrdə 11,6 milyon ton neft ixraca göndərilib. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşür.
2025-ci ilin ilk yarısında xam neft hasilatı gündəlik orta hesabla 61,9 min ton (təxminən 457 min barrel), kondensat hasilatı isə 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə gündəlik neft hasilatı 75,6 min ton (570 min barrel) səviyyəsində olub.