BİZNES

28 İyul

Azərbaycanda ət idxalı azalıb, yerli istehsal isə artıb

2025-ci ilin ilk yarısında Azərbaycana idxal olunan ətin miqdarında və dəyərində azalma müşahidə edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, yanvar-iyun aylarında ölkəyə 22,4 min ton ət idxal olunub. Bu həcmdə idxal üçün 47,2 milyon ABŞ dolları xərclənib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ətin idxalı miqdar baxımından 4,1 min ton və ya 15,4%, dəyər baxımından isə 11,4 milyon dollar və ya 19,5% azalıb. 2024-cü ilin ilk altı ayında ölkəyə 26,5 min ton ət idxal olunub və bu məqsədlə 58,6 milyon dollar vəsait sərf edilib.

Cari ildə idxal olunan ətin ölkənin ümumi idxal strukturunda payı 0,41% təşkil edib.

Digər tərəfdən, yerli istehsalda artım qeydə alınıb. Hesabat dövründə Azərbaycanda (quş əti də daxil olmaqla) diri çəkidə 293,5 min ton ət istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 min ton və ya 1,1% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk yarısında 290,3 min ton ət istehsal olunub.

Fuad Mədətov
Finss.az