2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 207,5 min ton metanol (metil spirti) ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixracdan əldə olunan gəlir 53,3 milyon ABŞ dolları təşkil edib.
Metanol ixracı miqdar baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 min ton və ya 10,2% azalsa da, dəyər ifadəsində 7,5 milyon ABŞ dolları və ya 16,4% artıb. Keçən ilin ilk yarısında ölkədən 231,2 min ton metanol ixrac olunaraq 45,8 milyon dollar gəlir əldə edilmişdi.
Cari ilin hesabat dövründə metanol ixracı ümumi ixracın 0,41%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 3,04%-ni təşkil edib.
Eyni zamanda, 2025-ci ilin ilk altı ayında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,632 milyard dollar və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard dolları ixrac, 11,522 milyard dolları isə idxal hissəsinə düşüb. İxrac ötən il ilə müqayisədə 0,2% azalmasına baxmayaraq, idxal 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,677 milyard dollar və ya təxminən 3 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az