BİZNES

01 Avqust

Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankı ilə ilk yük daşınıb

Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi ilə yükdaşımaları yerinə yetirilib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb:

"Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu üzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəfli beynəlxalq yük daşımalarının həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır və icazələrin alınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur".

"Beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir", - qurumdan əlavə olunub.

Fuad Mədətov
Finss.az