2025-ci ilin ilk yarısında Transadriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 4,8 milyard kubmetr təbii qaz nəql edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə sabit səviyyədədir. Bu həcm İtaliyaya ümumi qaz idxalının təqribən 15%-ni təşkil edir.
Finss.az TAP AG şirkətinin səhmdarlarından biri olan “Snam”a istinadən xəbər verir ki, qaz kəmərinin gücünün potensial genişləndirilməsini qiymətləndirmək məqsədilə yeni məcburi olmayan bazar sınağı mərhələsinə start verilib.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzunluğunda olan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, daha sonra Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qaz təminatında vasitəçilik edir. 2022-ci ilin oktyabrından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlı olan TAP vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan, Albaniya və İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının Avropa bazarlarında daha geniş yayılmasına əlavə imkanlar yaradır.
TAP-ın səhmdarları arasında bp, SOCAR, Snam, Fluxys və Enagas hər biri 20 faiz paya malikdir.