BİZNES

07 Avqust

Azərbaycanda təbii qaz istehlakı və hasilatı artıb – SOCAR rəqəmləri

Finss.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2,418 milyard kubmetr təbii qaz istehlak edilib. Bu barədə məlumatı SOCAR yayıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 137 milyon kubmetr və ya 6% çoxdur. Xatırladaq ki, ötən ilin ilk yarısında ölkədə 2,281 milyard kubmetr qaz istehlak olunmuşdu.

Eyni zamanda, hesabat dövründə SOCAR-ın müstəqil və ya əsas payçı qismində istismar etdiyi yataqlardan ümumilikdə 2 milyard kubmetr qaz hasil edilib. Bu, şirkətin hasilatında 8,5% artım deməkdir.

Ümumilikdə isə ölkə üzrə təbii qaz hasilatı 2025-ci ilin ilk yarısında 12,7 milyard kubmetrə çatıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% artıma bərabərdir.

Ekspertlər bu artımı daxili tələbatın yüksəlməsi və hasilatın stabilliyi ilə əlaqələndirirlər. Qaz sektorundakı müsbət dinamika Azərbaycanın enerji təhlükəsizliyi və ixrac potensialı baxımından mühüm əhəmiyyət daşıyır.

Fuad Mədətov
Finss.az