Finss.az - Dünyanın ən böyük alternativ investisiya meneceri olan Blackstone Group, Yaponiyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən TechnoPro Holdings şirkətinin bütün səhmlərini almaq niyyətindədir.
Sövdələşmənin dəyəri təxminən 3,5 milyard dollar təşkil edir.
Blackstone, TechnoPro səhmdarlarına ümumilikdə 507 milyard yen və ya hər bir səhm üçün 4,870 yen təklif edəcək. Bu qiymət son üç ayda şirkət səhmlərinin orta bağlanış qiymətindən 17,4% yüksəkdir. Təklifin 2025-ci il avqustun 7-dən qüvvəyə minəcəyi bildirilir.
TechnoPro-nun direktorlar şurası təklifi dəstəklədiyini açıqlayıb, lakin satış qərarının səhmdarların ixtiyarında qalacağını və neytral mövqe tutduqlarını bəyan edib. Əgər satınalma uğurla başa çatarsa, TechnoPro Blackstone-un törəmə şirkətinə çevriləcək və şirkət səhmlərinin ilin sonunadək Tokio birjasından delistinq edilməsi gözlənilir.
Qeyd edək ki, bu potensial razılaşma Blackstone-un 2025-ci ildə Yaponiyada həyata keçirdiyi yeddinci alqı-satqı əməliyyatı ola bilər. Həmçinin, 2025-ci ilin əvvəlindən TechnoPro-nun bazar kapitallaşması 1,6 dəfə artıb.