BİZNES

08 Sentyabr

Çin valyuta ehtiyatlarını 3,3 trilyon dollara çatdırdı – 2015-dən bəri ən yüksək göstərici

Çin Xalq Bankı 2025-ci ilin avqust ayında ölkənin rəsmi valyuta ehtiyatlarının 29,9 milyard dollar (0,9%) artaraq 3,322 trilyon ABŞ dollarına çatdığını açıqlayıb. Bu, 2015-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək həcmli valyuta ehtiyatı göstəricisidir.

Ekspertlərə görə, bu artım Çin iqtisadiyyatının dayanıqlılığı və beynəlxalq maliyyə bazarlarında yuanın möhkəmlənməsi ilə bağlıdır. Hesabat dövründə yuan ABŞ dollarına qarşı 0,9% dəyər qazanıb. Eyni zamanda, ABŞ dolları qlobal valyuta səbətinə qarşı 2,2% ucuzlaşıb.

Çin Mərkəzi Bankı artıq ardıcıl 10-cu ayda qızıl alışı həyata keçirib. Qızıl ehtiyatları bir ay əvvəlki 73,96 milyon unsiyadan 74,02 milyon unsiyaya yüksəlib. Dəyər baxımından isə bu göstərici 243,99 milyard dollardan 253,84 milyard dollara qalxıb.

Çin Dövlət Valyuta Administrasiyası isə qeyd edib ki, ölkənin iqtisadi strukturu dayanıqlılıq və canlılıq nümayiş etdirir, bu da valyuta ehtiyatlarının sabit səviyyədə saxlanmasına və davamlı iqtisadi artıma zəmin yaradır.