Finss.az - ABŞ-nin özəl sektor nümayəndələri ilə əməkdaşlıq perspektivləri və yeni əlaqələrin qurulması məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.
Görüşdə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, habelə Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələrin və imzalanmış sənədlərin Azərbaycan-ABŞ əlaqələri üçün yeni perspektivlər açdığı, Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin edəcək layihənin strateji əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Orta Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmi vurğulanıb. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələri qeyd olunub. Bu istiqamətdə Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələrin möhkəmləndirildiyi bildirilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə reallaşdırılan layihələrin strateji əhəmiyyətindən bəhs edilib.
Görüşdə ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə ticarət, enerji, infrastruktur və logistika imkanları ilə tanış olması, müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə olunub. ABŞ şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.


