Finss.az – Son illərdə Azərbaycanda regionlara iqtisadi, sosial və investisiya dəstəyi artmaqla, bölgələrdə yeni biznes təşəbbüsləri üçün geniş imkanlar yaranıb. Bakıdakı bazar nisbətən doymuş olsa da, regionlarda hələ çox sahələr inkişaf mərhələsindədir ki, bu da sahibkarlar üçün böyük fürsətlər təqdim edir.
Regionlarda biznes imkanları xüsusilə aşağıdakı sahələrdə özünü göstərir:
- Kənd təsərrüfatı və aqro-biznes: Meyvə-tərəvəz emalı, süd məhsulları istehsalı və ixrac üçün startaplar yaradılır.
- Turizm və qonaqpərvərlik: Qəbələ, Şəki, Naftalan kimi turizm mərkəzlərində otel, kafe və əyləncə konseptləri sürətlə artır.
- Texnologiya və xidmət sektoru: Regional startap mərkəzləri və co-working sahələri rəqəmsal xidmətlər və IT layihələr üçün əlverişli şərait yaradır.
- Yerli istehsal və sənaye: Kiçik və orta müəssisələr tərəfindən yerli məhsulların istehsalı və satış şəbəkələrinin genişləndirilməsi diqqət mərkəzindədir.
Biznes eksperti Sakit Səmədov mövcud şəraitin regionlarda uğur qazanmaq üçün əlverişli olduğunu vurğulayır:
"Regionlarda hazırda biznesdə uğur qazanmaq üçün böyük imkanlar mövcuddur, çünki bölgələrə iqtisadi, siyasi və sosial dəstək artıb. Hal-hazırda Azərbaycanda restoran və kafe konseptləri əsasən Bakıda doymuş vəziyyətdədir, lakin regionlarda bu sahə hələ inkişaf mərhələsindədir. Beş il əvvəl regionlarda fəaliyyət göstərməyə çalışan, lakin uğur qazana bilməyən brendlər indi yenidən orada fəaliyyətə başlamağı düşünürlər. Bununla paralel olaraq, əyləncə və yeyib-içmə sahələri regionlarda sürətlə inkişaf edir. İkinci Qarabağ müharibəsindən sonra Qarabağda sənaye infrastrukturu, otelçilik, turizm, kənd təsərrüfatı və digər sahələr ciddi şəkildə inkişaf etməkdədir. Regional inkişafın sənaye və investisiya xəritəsi göstərir ki, həm dövlət strategiyası, həm də özəl sektor səyləri birləşərək investisiyaların səmərəli yönəldilməsinə imkan yaradır."
Ekspert qeyd edir ki, regionlarda biznes təşəbbüslərinin uğur qazanması üçün bazarın diqqətli təhlili, regional ehtiyaclara uyğun məhsul və xidmətlərin təqdimatı, dövlət və özəl sektor dəstəyindən səmərəli istifadə və davamlı investisiya planlaması vacibdir. Bu amillər həm yerli iqtisadiyyatın güclənməsinə, həm də regionların dayanıqlı inkişafına töhfə verir.
Fuad Mədətov
Finss.az