BİZNES

16 Sentyabr

Azərbaycanda startaplar investorların marağını necə cəlb edə bilərlər? - KOBİA

Azərbaycan startapları investorların diqqətini innovativ ideyalar, güclü komandalar və beynəlxalq tədbirlərdə fəal iştirak vasitəsilə cəlb edə bilirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Finss.az-a açıqlamasında bildirib ki, startapların investor marağını qazanması bir sıra əsas amillərlə bağlıdır:

“Startapların investorların marağını cəlb edə bilməsi, ilk növbədə, təqdim etdikləri ideyanın bazarda real problemin həllinə yönəlməsi və innovativ yanaşma ilə fərqlənməsi ilə bağlıdır. Layihənin potensial bazar həcmi, gəlirlilik perspektivi və uzunmüddətli dayanıqlığı investorların diqqətini üzərinə çəkən əsas göstəricilər sırasındadır.”

KOBİA vurğulayır ki, uğurun təmin olunmasında komandaların rolu da böyükdür:

“Bununla yanaşı, peşəkar komandanın mövcudluğu, risklərin idarə olunmasına dair aydın strategiya da mühüm rol oynayır. Startapın düzgün hazırlanmış biznes planı, maliyyə proqnozları və məhsulun inkişaf xəritəsi inandırıcılıq faktorunu gücləndirir.”

Beynəlxalq tədbirlərdə fəal iştirak isə investorlarla birbaşa ünsiyyət və tanınma imkanlarını artırır:

“Beynəlxalq sərgilərdə, demo günlərdə və akselerasiya proqramlarında fəal iştirak isə həm tanınma, həm də investorlarla birbaşa ünsiyyət imkanı yaradır. Eyni zamanda müasir texnologiyalara əsaslanan həllərin – onlayn platformaların və mobil tətbiqlərin təqdimatı investor üçün əlavə cəlbedicilik daşıyır.”

KOBİA həmçinin ölkəmizin startaplarını beynəlxalq səviyyədə təmsil edən layihələri də dəstəkləyir:

“Məlumat üçün qeyd edək ki, KOBİA Birləşmiş Ərəb Əmirliklərində keçirilən ‘AIM Congress’in Beynəlxalq Startap Yarışmasının milli tərəfdaşıdır. Artıq 2 ildir ki, KOBİA BƏƏ-yə uyğun startapın ölkə təmsilçisi qismində göndərilməsi üçün yarışmanın milli turunu təşkil edir. Ekspertlərdən müsbət qiymət alan startap layihə ölkəmizi Beynəlxalq Startap Yarışmasında təmsil edir. Yarışmada yerli startap yüzlərlə investorun qarşısında layihəsini təqdim edir, onlar üçün ayrıca stend təşkil edilir.”

Beləliklə, KOBİA-nın məlumatına görə, innovativ ideya, güclü komanda, risklərin idarə olunması strategiyası, beynəlxalq tədbirlərdə iştirak və texnoloji həllərin təqdimatı startapların investorların marağını cəlb etməsində əsas həlledici amillərdir.

Fuad Mədətov
Finss.az