BİZNES

07 Oktyabr

Azərbaycan halal biznes ekosistemində regional mərkəzə çevrilməkdədir - KOBİA sədri

Bakıda 2-ci Azərbaycan Halal Biznes Forumu işə başlayıb.

Finss.az xəbər verir ki, forumda KOBİA-nın İdarə Həyətinin sədri Orxan Məmmədov çıxış edərək bildirib ki, tədbir yalnız iqtisadi əlaqələrin qurulmasına deyil, həm də halal ticarətin dürüstlük, etibar və ədalət prinsiplərinə əsaslanan mahiyyətinin təbliğinə xidmət edir.
O vurğulayıb ki, Azərbaycan halal biznes ekosistemində regional mərkəzə çevrilmək istiqamətində səylərini davam etdirir və bu sahədə həm yerli, həm də beynəlxalq təşəbbüslər həyata keçirilir.

O.Məmmədov forumun məqsədini belə izah edib: “Halal ticarət sadəcə məhsulun və ya xidmətin tərkibi ilə deyil, insanın niyyəti və davranışı ilə ölçülür.”
O əlavə edib ki, Azərbaycan bu dəyərləri yaşadan və multikulturalizm yanaşmasını qoruyan ölkədir. Möhtərəm Prezident İlham Əliyevin müdrik siyasəti fonunda ölkədəki siyasi və iqtisadi sabitlik sosial həyatda da özünü göstərir. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır.

KOBİA sədri bildirib ki, təşkilat halal prinsipləri yalnız dini və etik anlayış kimi yox, həm də müasir biznes modeli kimi formalaşdırmağa çalışır.
“Biz bu istiqamətdə halal sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, sahibkarlara təlim və məsləhət xidmətləri, eləcə də halal brendin beynəlxalq tanıdılması üzərində çalışırıq,” – O.Məmmədov qeyd edib.

Forum çərçivəsində 30-dan çox ölkədən nümayəndələrin iştirakı Azərbaycanı halal biznesin regional mərkəzinə çevirmək səylərinə töhfə verir. Bu əməkdaşlıq həm də “yaşıl iqtisadiyyat”, “davamlı sahibkarlıq” və “etik ticarət” kimi yeni iqtisadi fəlsəfələrin inkişafına xidmət edir.

O.Məmmədov forumda iki mühüm təşəbbüsdən danışıb: biri “İqtisadi Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsisi, digəri isə COP29 çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin icrası ilə bağlı ilkin fəaliyyət planının müzakirəsidir.

O.Məmmədov vurğulayıb ki, halal ticarət yalnız etiketdə deyil, davranış və niyyətdə də özünü göstərməli və bu, gələcəyin sahibkarlığının əsas prinsipi olmalıdır: “Halal ticarət – halal gələcək deməkdir! Gəlin bir yerdə elə bir sahibkarlıq mühiti yaradaq ki, orada halallıq sadəcə etiketdə yox, davranışda və niyyətdə əks olunsun.”

Fuad Mədətov
Finss.az