Bakıda 2-ci Azərbaycan Halal Biznes Forumu çərçivəsində iki sənəd imzalanıb.
Finss.az xəbər verir ki, forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, Bilişim Vadisi Bakı İqlim Bəyyanaməsinə dəstəyini ifadə edib. Sənəddə “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” istiqamətləri üzrə maarifləndirmə tədbirləri və ortaq təşəbbüslər, eləcə də ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin baş meneceri Erkam Tüzgen imzalayıblar.
Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülüb.
Bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.
Digər sənəd Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası ilə KOBİA arasında imzalanıb.
Anlaşma Memorandumunu “Berhad” Halal İnkişaf Korporasiyasının baş icraçı direktoru Hairol Arifeyn Bin Sahari və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.
Sənəddə hər iki qurumun imkanlarından istifadə olunmaqla biznes, investisiya və ixrac, eləcə də halal sənaye sahələrində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramlarının icrası və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Fuad Mədətov
Finss.az