BİZNES

14 Oktyabr

“Ümid” yatağında sualtı qiymətləndirmə quyusunun qazılması üçün “Neptun” özüqalxan qazma qurğusu istifadəyə verildi

“Ümid” yatağının Cənub qanadında ilk qiymətləndirmə quyusunun qazılması üçün nəzərdə tutulan “Neptun” özüqalxan qazma qurğusunun modifikasiya işləri tamamlanıb və qurğunun dənizə yola salınması mərasimi keçirilib.

Finss.az xəbər verir ki, tədbirdə SOCAR, “Nobel Upstream”, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin (UBOC) Azərbaycandakı filialı, eləcə də “Caspian Oilfield Services” (COS) şirkəti və digər tərəfdaş şirkətlərin rəsmiləri iştirak ediblər.

“Neptun” qurğusu vasitəsi ilə “Ümid” yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması bu ilin oktyabr ayında planlaşdırılır. Bu, SOCAR tarixində özüqalxan üzən qazma qurğusu ilə aparılacaq ilk sualtı qiymətləndirmə quyusu olacaq.

Eyni zamanda, bu quyu “Ümid” yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7.067 metrdir, və qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən, “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində ümumilikdə 12,3 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat hasil edilib.