Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya 75,3 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 3,2 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya elektrik enerjisi ixracı həcm ifadəsində 55,1 milyon kVt/saat və ya 1,7 dəfə, dəyər ifadəsində isə 4,1 milyon ABŞ dolları və ya 2,3 dəfə azalıb.
Eyni zamanda, 2025-ci ilin yanvar-avqust ayları ərzində Rusiyadan Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində, 59,5 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 342 min ABŞ dolları və ya 19,4% artım, həcm ifadəsində isə 1,4 milyon kVt/saat və ya 2,4% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,8 milyon ABŞ dolları və ya 8,3%, həcm ifadəsində isə 98,8 milyon kVt/saat və ya 10% azalma deməkdir.
Hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində, 115,6 milyon kVt/saat elektrik enerjisi idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 min ABŞ dolları və ya 0,5% artım, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və ya 6,2% azalma müşahidə olunub.
Fuad Mədətov
Finss.az