BİZNES

27 Oktyabr

Azərbaycanda mənzil tikintisinə sərf olunan investisiya 24% artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,202 milyard manat sərf olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsaqsən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çox olub. Tikinti sektoruna yatırılan investisiyaların ümumi əsas kapital sərmayəsində xüsusi çəkisi 24,5%-ə bərabər olub.

Hesabat dövründə tikinti sahəsinə yönəldilmiş investisiyanın 2,102 milyard manatı mənzil tikintisinə sərf olunub ki, bu da əvvəlki ilin yanvar-sentyabr göstəricisinə nəzərən 24,2% artım deməkdir. Mənzil tikintisinə yönəldilmiş investisiyaların ümumi əsas kapital sərmayəsində xüsusi çəkisi 16,1%-i təşkil edib.

Qeyd edək ki, cari ilin ilk doqquz ayında ölkədə bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 13,048 milyard manat investisiya yönəldilib. Neft-qaz sektoruna sərf olunan investisiyaların həcmi 11,5% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 7% artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı (32,9%-i) xidmət sahələrinə, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Fuad Mədətov
Finss.az