2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 1,2 milyard manat sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Dövr ərzində elektrik və qaz sektoruna yönəldilmiş investisiyaların əsas kapital sərmayəsində xüsusi çəkisi 9,2% təşkil edib. Qeyd olunur ki, 2025-ci ilin ilk doqquz ayında ölkədə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 13,048 milyard manat investisiya yönəldilib, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% artımı əks etdirir.
Sektorlar üzrə investisiya bölgüsü belədir: məhsul istehsalı sahələrinə 6,648 milyard manat (51%), xidmət sahələrinə 4,298 milyard manat (32,9%) və yaşayış evlərinin tikintisinə 2,102 milyard manat (16,1%) sərf olunub. Neft-qaz sektoruna yönəldilmiş investisiyalar 11,5% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 7% artıb.
Fuad Mədətov
Finss.az
