BİZNES

31 Oktyabr

“İxrac icmalı”nın oktyabr sayı dərc edilib

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2,6 milyard  ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14,9 milyon ABŞ dolları və ya 46,9%, meyvə-tərəvəz 143,7 milyon ABŞ dolları və ya 31,3%, kimya sənayesi məhsulları 45,6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2,7 milyon ABŞ dolları və ya 12,5%, çay 159,4 min ABŞ dolları və ya 3,3%, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon ABŞ dolları və ya 2,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min ABŞ dolları və ya 1% artıb.

2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2% artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (134,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl  (27.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (17.1 milyon ABŞ dolları) ikinci, meşə fındığı (12,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878,9 milyon ABŞ dolları, Türkiyəyə 435,8 milyon ABŞ dolları, İsveçrəyə 247,8 milyon ABŞ dolları, Gürcüstana 244,8 milyon ABŞ dolları,  Ukraynaya isə 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına 64,8 milyon ABŞ dolları, Türkiyəyə 41,1 milyon ABŞ dolları, Gürcüstana 28,4 milyon ABŞ dolları, İsveçrəyə 27,7 milyon ABŞ dolları, Ukraynaya isə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

"Prime Cotton” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, “STP Alüminium” MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, “TABATERRA”QSC. "P-AQRO" MMC, “HOPER”Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Socar-Dalğıc” MMC ,"İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  3,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 717,6 min ABŞ dolları ilə İsveç, 635,8 min ABŞ dolları ilə Nigeriya, 614,3 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.