BİZNES

05 Noyabr

AMD-nin mənfəəti və gəliri bazar gözləntilərini üstələdi

Finss.az xəbər verir ki, amerikalı mikroçip istehsalçısı Advanced Micro Devices Inc. (AMD) 2024-cü ilin üçüncü rübündə xalis mənfəətini 1,6 dəfədən çox artırıb, həmçinin gəlirini 36% yüksəldib. Şirkətin tənzimlənmiş mənfəəti və gəliri bazar gözləntilərini üstələyib.

Şirkətin mətbuat açıqlamasına əsasən, 27 sentyabrda başa çatan rüb üzrə xalis mənfəət 1,243 milyard dollar (səhm başına 0,75 dollar) təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 771 milyon dollar (səhm başına 0,47 dollar) ilə müqayisədə xeyli artım deməkdir.

AMD-nin vergi öncəsi mənfəəti səhm başına 1,20 dollar olub ki, bu da LSEG tərəfindən sorğu edilən analitiklərin 1,16 dollarlıq konsensus proqnozunu geridə qoyub.

Şirkətin analitikləri qeyd edir ki, süni intellekt prosessorları, server çipləri və qrafik kartları seqmentində satışların artması AMD-nin ümumi mənfəətini dəstəkləyib. Qlobal miqyasda rəqibi NVIDIA ilə birgə süni intellekt bazarındakı pay uğrunda mübarizə şirkətin maliyyə göstəricilərinə müsbət təsir göstərib.

Ekspertlərə görə, AI və məlumat mərkəzləri üçün prosessorlara artan tələbat AMD-nin 2025-ci ildə də gəlir artımını davam etdirməsinə şərait yaradacaq.