2025-ci ilin ilk doqquz ayı ərzində Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan dövlətinə sutkada orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı tədarük olunub.
Finss.az bp şirkətinin məlumatına əsasən xəbər verir ki, Səmt qazının əsas həcmi Səngəçal terminalına, eləcə də SOCAR-ın “Neft Daşları”ndakı istehsalat obyektlərinə yönəldilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə AÇG yataqlarından gündəlik 6,5 milyon kubmetr səmt qazı tədarük edilmişdi. Beləliklə, səmt qazı tədarükü illik ifadədə 23 faizdən çox artıb.
Layihənin operatoru “Azəri-Çıraq-Günəşli” yataqları blokuna dair hasilatın pay bölgüsü sazişi (PSA) iştirakçıları adından “BP Exploration (Caspian Sea) Limited” şirkətidir.
Layihədə iştirak payları aşağıdakı kimidir:
- bp – 30,37%
- SOCAR – 31,65%
- MOL – 9,57%
- INPEX – 9,31%
- ExxonMobil – 6,79%
- TPAO – 5,73%
- ITOCHU – 3,65%
- ONGC Videsh – 2,92%
Fuad Mədətov
Finss.az
