BİZNES

14 Noyabr

SOCAR-ın “Upstream” seqmentinə kapital qoyuluşu artacaq – S&P

“SP Global Ratings”-in əsas ssenarisi üzrə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın karbohidrogen hasilatı tədrici azalacaq. Bu isə “Upstream” seqmentinə əlavə investisiyaların yönəldilməsini tələb edə bilər.

Finss.az xəbər verir ki, qiymətləndirmələrə görə, SOCAR-ın 2024-cü ildə öz aktivlərindən hasil etdiyi neft həcmi 7,5 milyon ton, təbiî qaz həcmi 7,7 milyard kubmetr təşkil edib. Şirkət həmçinin bir sıra iri beynəlxalq layihələrdə minoritar səhm paketlərinə malikdir; əsas layihələr arasında “Azəri-Çıraq-Günəşli” (AÇG)“Şahdəniz” yataqları yer alır.

Agentlik bildirir ki, SOCAR-ın resurs bazası hələ də əhəmiyyətli səviyyədə qalır, lakin hasilat tədricən azalmağa davam edəcək. Bu, AÇG-də hasilatın pik səviyyəsini keçməsi və “Şahdəniz” layihəsində son dövrlərdə istehsalın müəyyən qədər azalması ilə bağlıdır.

“Upstream” seqmenti SOCAR-ın əsas əməliyyat fəaliyyəti və EBITDA-sının başlıca mənbəyidir. Buna görə SP gözləyir ki, yeni yataqların işlənməsi və mövcud layihələrin genişləndirilməsi istiqamətində kapital investisiyaları artacaq. Agentlik proqnozuna hər il təqribən 3 milyard manat kapital qoyuluşu daxil edilib ki, bu da son iki ilin səviyyəsini üstələyir.

“SP” həmçinin bildirir ki, başa çatdırılmış “Şahdəniz-2” layihəsi və ilin əvvəlində imzalanmış “Shah Deniz Compression” layihəsi SOCAR-ın hasilatı artırmaq və istehsal potensialını möhkəmləndirmək üçün “Upstream” seqmentinə davamlı investisiya səylərini göstərir.