BİRJA

17 Noyabr

Qlobal neft tələbatı proqnozu artırıldı

Finss.az xəbər verir ki, etalon xam neft qiymətləri cümə axşamı günü daha yavaş tempdə olsa da artmaqda davam edib. London ICE Futures birjasında yanvar ayı üçün Brent fyuçerslərinin qiyməti 1,15 dollar və ya 1,83% artaraq barel üçün 64,16 dollara yüksəlib. ABŞ-da isə dekabr ayı üçün WTI fyuçersləri 1,27 dollar (2,16%) bahalaşaraq 59,96 dollara çatıb.

Qiymət artımına əsas səbəblərdən biri Rusiyanın Novorossiysk şəhərindəki neft anbarında dron parçalarının düşməsi nəticəsində baş verən yanğınla bağlı tədarük risklərinin yüksəlməsi olub. Hadisə nəticəsində qlobal bazarda Rusiyadan tədarükün azalması ehtimalı qiymətləri dəstəkləyib.

Eyni zamanda, Goldman Sachs analitikləri qlobal neft tələbatı proqnozunu yeniləyərək daha optimist ssenari açıqlayıblar. Bankın yeni hesablamalarına görə, 2040-cı ildə qlobal neft tələbatı gündəlik 113 milyon barelə çatacaq. Müqayisə üçün, 2024-cü ildə tələbat 103,5 milyon barel səviyyəsində qiymətləndirilir.

Əvvəlki proqnozlarda Goldman tələbatın 2034-cü ildə pik həddə çatacağını bildirmişdi. Lakin elektrikli nəqliyyat vasitələrinin qlobal miqyasda daha yavaş yayılması səbəbindən tələbatın pik nöqtəsinin altı il gec – 2040-cı ildə baş verəcəyi gözlənilir.

Neft bazarında həm tədarük, həm də tələb tərəfli bu dəyişikliklər yaxın həftələrdə qiymət dalğalanmalarının artacağına işarə edir.