BİZNES

18 Noyabr

KOBİA startaplara verdiyi dövlət dəstəyinin effektivliyini AÇIQLAYIB

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startaplara göstərilən dövlət dəstəyinin effektivliyini açıqlayıb.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verilib.

Məlumata görə, KOBİA-nın startaplara göstərdiyi dövlət dəstəyinin effektivliyi əsasən verilən "Startap" şəhadətnamələrinin startapların fəaliyyətində göstərdiyi inkişaf göstəriciləri ilə ölçülür:

“Belə ki, 2021-ci ildən innovativ məhsul və xidmətlərin istehsalı məqsədilə startap layihələri üçün təqdim edilən ‘Startap’ şəhadətnaməsi almış sahibkarların ötən müddətdə dövriyyəsinin və işçi sayının artması müşahidə edilir. Bu, hazırda ölkəmizdə startap ekosisteminin vacib dəstək mexanizmlərindən olan ‘Startap’ şəhadətnaməsinin səmərəliliyini, eləcə də sahibkarların davamlı inkişafına, innovativ ideyaların reallaşmasına, ölkəmizdə yeni məhsul və xidmətlərin yaranmasına müsbət təsirini göstərir.”

Məlumat üçün qeyd edək ki, indiyədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verilib:

"Müvafiq sənədi almış startaplar əsasən FinTech, EdTech, HealthTech, AgriTech, GreenTech, rəqəmsal turizm, nəqliyyat-logistika həlləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. 43 startap regionlardan, 177-si isə Bakı şəhərindəndir. "Startap" şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır.”

KOBİA həmçinin innovativ layihələr üçün təqdim edilən maliyyə dəstəyinə diqqət çəkib:

“Həmçinin Agentlik tərəfindən innovativ layihələr üçün təqdim edilən 20 min manata qədər qrant dəstəyi də startap layihələrinin reallaşdırılmasına, onların inkişafına müsbət təsir göstərir. Bu dəstək nəticəsində yaradılan yeni məhsul və xidmətlər, eləcə də formalaşan əməkdaşlıqlar ekosistemdə innovativ aktivliyi artırır.”

Dəstəyin nəticələri barədə isə vurğulanıb ki, qrant alan startapların gəlirlərinin artması, yeni iş yerlərinin yaradılması və investisiya cəlbetmə qabiliyyəti də effektivliyin əsas göstəricilərindəndir:

"Həmçinin, startapların layihələrini genişləndirərək ixrac potensialı qazanması və ekosistemdə nümunəvi modelə çevrilməsi KOBİA-nın təmin etdiyi dövlət dəstəyinin real nəticəsini əks etdirir.”

Fuad Mədətov
Finss.az