Finss.az - Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçilərin hazırlıq prosesinin milli və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bır sıra islahatlar həyata keçirməkdədir.
Belə ki, dənizçilik ixtisasları üzrə tədris yalnız peşə təhsili müəssisəsi statusuna malik, lisenziyalaşdırılmış və akkreditasiyadan keçmiş tədris mərkəzləri tərəfindən həyata keçirilə bilər.
Tədris proqramları isə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın və Beynəlxalq Dəniz Təşkilatının (BDT) model kurslarının tələblərinə uyğun hazırlanmalı, həmçinin dənizçilərin bilik, bacarıq və səriştələrinin beynəlxalq standartlara uyğun inkişafını təmin etməlidir.
Bununla bağlı, Agentlik tərəfindən 2024-cü ilin 23 avqust tarixində təlim-tədris mərkəzlərinə sirkulyar məktub ünvanlanıb.
Qeyd edək ki, cari ilin 1 iyun tarixindən etibarən ixtisasartırma və sıravi heyət hazırlığı kurslarını peşə təhsil müəssisəsi və ya əlavə təhsil fəaliyyəti üçün lisenziya əldə etməyən, eyni zamanda akkreditasiyasız şəkildə fəaliyyət göstərən təlim-tədris mərkəzlərini bitirən şəxslər Agentliyin təşkil etdiyi imtahanlara buraxılmayacaq və buna uyğun olaraq şəhadətnamə və ya sertifikat (diplom) əldə edə bilməyəcəklər.
Həmçinin, cari ilin 1 iyun tarixindən sonra əlavə təhsil müəssisələrində tədrisi başa vuran müdavimlərin Agentlik tərəfindən təşkil olunan imtahanlara buraxılması məsələsi yalnız “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq həyata keçiriləcək. Qeyd olunan maddəyə əsasən, yalnız ali, orta ixtisas və ya peşə təhsili pillələrindən birini uğurla bitirən müdavimlər imtahanlarda iştirak etmək hüququ qazanacaqlar.
Qeyd olunan tələblərin icrası ölkəmizdə dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara cavab verən təlim-tədris prosesinin qurulmasına və dəniz təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Zemfira Ms
Finss.az