Finss.az - Bakıda uzun müddətdir fəaliyyət göstərən və “manatlıq taksilər” kimi tanınan qeyri-rəsmi sərnişindaşıma vasitələri yenidən ictimai və inzibati müzakirələrin mərkəzinə çevrilib.
Bu nəqliyyat növü xüsusilə aztəminatlı ailələr və gündəlik işə gedib-gələn vətəndaşlar üçün əlverişli alternativ hesab olunsa da, ekspertlər və rəsmi qurumlar bu fəaliyyəti qanunsuz sayır və nəzarət tədbirlərini sərtləşdirirlər.
Nazirlər Kabinetinin 2023-cü ilin iyulundan qüvvədə olan qərarına əsasən, istehsal tarixi 15 ildən artıq olan avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilməz. Lakin bir çox sürücü bu tələblərə məhəl qoymadan Bakı-Sumqayıt və Abşeron istiqamətində sərnişindaşımanı davam etdirir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı News24.az-a verdiyi açıqlamada bildirib ki, “manatlıq taksilər” əslində ictimai nəqliyyat sistemindəki boşluqların nəticəsidir:
“Masazır, Xırdalan, Sulutəpə kimi qəsəbələrin bir çox hissəsində marşrut xətləri yoxdur və ya iri tutumlu avtobuslar həmin ərazilərə daxil ola bilmir. Bu səbəbdən vətəndaşlar qeyri-rəsmi taksilərə üz tutur. Əgər ictimai nəqliyyat sistemi düzgün işləsəydi, bu nəqliyyat vasitələrinə ehtiyac qalmazdı”.
Ekspert xüsusilə “20 Yanvar” metrostansiyası ətrafındakı vəziyyətə diqqət çəkib:
“'20 Yanvar' körpüsünün altı bazara çevrilib. İnsanlar topa halda dairədə gəzir, çünki taksilər sərnişinləri müxtəlif ərazilərdən gətirib məhz orada düşürür. Bu, planlaşdırılmamış və nizamsız nəqliyyatın real mənzərəsidir”.
Muradlı hesab edir ki, problemin kökündə qanunsuz taksi fəaliyyəti yox, düzgün planlaşdırılmayan marşrut şəbəkəsi dayanır:
“Əgər bu taksilər olmasa, insanlar yolda qalacaq. Dövlət bu vəziyyəti yox, onu yaradan səbəbi həll etməlidir. Belə ərazilərdə hüquqi və texniki şərait yaradılmalı, bu cür xidmətlər nəzarətli şəkildə sistemə inteqrasiya edilməlidir”.