Finss.az - Bu gün dünyada baş verən siyasi proseslərin təsiri nəticəsində iqtisadi böhranın yaradılmasında əsas "silah" kimi neftdən istifadə edilməsi, iqtisadiyyatı neftə bağlı olan ölkələr üçün daha ciddi problemlərə səbəb olur.
Neftin qiyməti Azərbaycan üçün də strateji əhəmiyyət daşıdığından, bu sahədəki proseslər cəmiyyət tərəfindən narahatlıqla izlənilir.
Neftin qiymətində baş verən dəyişikliklərin əsasən siyasi amillərlə bağlı olması onun gələcək taleyini proqnozlaşdırmağı çətinləşdirir. Son 25 ilin təcrübəsi göstərir ki, siyasi və iqtisadi səbəblərdən neft qiymətlərindəki bahalaşma və ucuzlaşmalar sabit xarakter daşımır.
BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, neft qiymətlərində qeyri-sabitlik davam edir:
"Bu dəyişikliklər dünyada gedən proseslərdən asılıdır. Hazırda ciddi bir təhlükə gözlənilmir. Neftin qiymətində artım olsa da, bu o qədər də yüksək deyil, amma bizim üçün müsbət haldır. Lakin bu vəziyyət sabit deyil. Əgər İsrail–İran müharibəsi uzun müddət davam etsəydi və Hörmüz boğazı bağlansaydı, o zaman qiymətlərdə daha kəskin yüksəliş müşahidə edilə bilərdi və artım davamlı ola bilərdi".