Finss.az - Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən büdcə ssudaları geri qaytarıla bilmədiyi halda, borc “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” hesabına bağlanacaq. Yəni, belə borcların büdcə hesabına ödənilməsi nəzərdə tutulur.
Qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərə və maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci həmin ilin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.
Hazırkı təcrübədə bu vəsaitlərin vaxtında qaytarılmasında problemlər yarandığı üçün yeni dəyişiklik Təminat Fondunu yalnız dövlət borcu və zəmanətləri ilə bağlı deyil, eyni zamanda qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsində də daha çevik idarəetmə mexanizmi ilə təmin edir.
Millət vəkili Aydın Hüseynov açıqlamasında bildirmişdir ki, bu dəyişikliklərlə Təminat Fondu daha çevik və effektiv işləyəcək, büdcə ssudalarının geri qaytarılmaması riskləri azaltmaq məqsədi güdür. Eyni zamanda, xəzinənin sərbəst qalığının idarə olunması investisiyaların və digər strateji istiqamətlərin maliyyələşdirilməsinə imkan yaradacaq və dövlət büdcəsinə əlavə gəlir gətirəcək.
Bu qanun dəyişikliyi dövlət büdcəsindən maliyyə yardımı alan bütün təşkilatlar üçün rahatlıq yaradacaq və büdcə ssudalarının idarə olunmasında şəffaflığı artıracaq.
© referans.az