Cəmiyyət

09 İyul

Azərbaycanda elektrik və qaz tariflərində yeni sabit ödəniş mexanizmi tətbiq ediləcək

Finss.az - Azərbaycanda enerji sektorunda tarif siyasətinə yeni mexanizm daxil edilir.

Bundan sonra vətəndaşlar elektrik və qaz üçün yalnız istifadə etdikləri enerji məbləği üzrə deyil, həmçinin sistemə qoşulu olduqları üçün sabit aylıq ödəniş edəcəklər.

Millət vəkili Azər Badamovun İTV-yə verdiyi açıqlamaya görə, sabit tarif hər bir abonent üçün qazdan istifadə olunmasından asılı olmayaraq 1 manatdan aşağı bir məbləğ olacaq. “Hər bir abonent qazdan istifadə edib-etməsindən asılı olmayaraq bu məbləği aylıq ödəməlidir. Bu, vətəndaşların fasiləsiz və keyfiyyətli qaz təchizatına zəmanət verəcək qanundur”, – deyə o bildirib.

Energetika nazirinin müavini Orxan Zeynalov yeni tarif sisteminin əsas məqsədinin xidmət keyfiyyətinin artırılması və xərclərin istehlakçılar arasında ədalətli bölünməsi olduğunu vurğulayıb.

Energetika eksperti Xalid Kərimli isə hesab edir ki, bu mexanizm kommunal xidmətlərin qiymətlərinin artmasının qarşısını ala bilər: “Kim xidmətdən daha çox istifadə edirsə, o, daha çox ödəyəcək. Bu, qiymət artımı deyil, xərclərin ödənilməsinin beynəlxalq təcrübəyə uyğun və daha ədalətli bölünməsidir. Qurumlar əlavə xərcləri daha rahat qarşılaya biləcək.”

Yeni tarif sistemi enerji təchizatı xidmətlərinin maliyyə dayanıqlığını təmin etməklə, infrastrukturun istismarı xərclərinin balanslaşdırılmasına şərait yaradacaq.