Cəmiyyət

23 İyul

Dövlət torpaq kadastrındakı məlumatlar və təqdim edilən sənədlər arasında uyğunsuzluq araşdırılacaq

Azərbaycan Prezidentinin təsdiqlədiyi dəyişikliklərə əsasən, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması zamanı təqdim edilən sənədlərlə dövlət torpaq kadastrında olan torpaq kateqoriyası arasında uyğunsuzluq yaranarsa, qeydiyyat orqanının məsul şəxsləri 15 iş günü ərzində yerquruluşu sənədlərinin təhlili ilə araşdırma aparacaq.

Finss.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov öz sosial media paylaşımında məlumat verib.

Deputat qeyd edib ki, araşdırma nəticəsində sənədlərdəki məlumatların doğruluğu təsdiq olunarsa, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

V.Bayramov misal gətirib: “Əgər vətəndaşın təqdim etdiyi sənəddə torpağın təyinatı tikinti üçün uyğundursa, lakin dövlət qurumunun məlumat bazasında həmin ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi qeyd olunubsa, bu zaman məlumatlar digər müvafiq qurumlarla dəqiqləşdiriləcək. Vətəndaşın sənədinin doğruluğu təsdiqlənərsə, daşınmaz əmlak qeydiyyata alınacaq.”

Yeni dəyişikliklərin qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesində məlumatların dəqiqləşdirilməsinə kömək edəcəyi, həmçinin mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından əhəmiyyətli olduğu vurğulanıb.