DÜNYA

12 Noyabr
97

"Brexit"-dən sonrakı çətin seçim

“Brexit” danışıqlarına çoxlu vaxt və enerji sərf edilib, ancaq onlar özləri ilə bir o qədər də məyusluq gətirib. Lakin indi ölkə 12 dekabrda keçiriləcək, həlledici parlament seçkilərinə hazırlaşır. Ona görə “Brexit”-in nə vaxt və necə baş tutacağı, ümumiyyətlə baş tutub tutmayacağı bəlli deyil.

“Baş nazir Boris Conson (Boris Johnson) istəyir ki, Britaniya AB-ni tərk etdikdən sonra ABŞ ilə ticarət və investisiya sazişi imzalasın. Həqiqətən, Amerika Britaniyanın ən böyük ticarət tərəfdaşı, həmçinin ən böyük birbaşa xarici investisiya mənbəyidir”, - Nayra Vuds (Ngaire Woods) “Project Syndicate”-də yazır.

“Britaniya “Brexit”-dən sonrakı həyata hazırlaşır. İqtisadiyyatın daha iki mühüm sahəsində tənzimlənməyə görə ABŞ-AB münasibətlərində gərginlik arta bilər. Birinci sahə banklar və maliyyə sektorudur. Ötən il Britaniyada maliyyə xidmət sektorunun ölkə iqtisadiyyatına verdiyi töhfə 132 milyard funt sterlinq, yəni ÜDM-in 6,9%-ni təşkil edib. Sektor 1,1 milyon iş yeri ilə təmin edib. Bu da ümumi iş yerlərinin 3,1%-nə bərabərdir. 2018-2019 hesabat ilində maliyyə sektoru 29 milyard funt sterlinq məbləğində vergi ödəyib”, - məqalədə deyilir.

“Bu gün Amerika və Avropanın istifadə etdiyi yanaşmalar bir-birindən kəskin fərqlənir. AB-də tənzimləyicilər kapitalla bağlı prudensial qayda və tələbləri sərtləşdirir, həmçinin tənzimləmə sahəsini bütün maliyyə aktivlərini və maliyə xidmətləri sənayesindəki peşələri əhatə edə biləcək şəkildə genişlədir”, - iqtisadi icmalçı qeyd edir.

“ABŞ isə, əksinə, prezident Donald Trampın (Donald Trump) dövründə kursunu dəyişib. Tramp administrasiyası maliyyə böhranından sonra tətbiq edilən əsas tənzimləmə elementlərini ləğv etməyə hazırlaşır”, - jurnalist xatırladır.

“Böyük Britaniya indiyədək maliyyə tənzimlənməsi istiqamətində etibarlı yanaşmalardan istifadə edib və AB-də tənzimləyicilər tərəfindən tətbiq edilən tədbirlərdən də uzaq gedən qərarlar qəbul edib. Onların arasında qərar qəbuluna görə bank rəhbərliklərindən məsuliyyət və daha geniş maliyyə sistemində müştərilərin depozitlərini şoklardan qorumaq məqsədilə böyük bankların pərakəndə əməliyyatlarının təcrid edilməsini tələb edən yeni rejim də var. Britaniya xalqı bu tədbirləri dəstəkələyir, ona görə ehtimal etmək olar ki, “Brexit”-dən sonra hökumət onları zəiflətmək istiqamətində qərar qəbul edərkən tərəddüd edəcək”, - məqalədə deyilir.

“AB-ni tərk etdikdən sonra Britaniyanın ikinci problemi ABŞ-ın böyük texnoloji şirkətləri olacaq. Britaniya parlamentinin bu il işıq üzü görən hesabatında deyilir ki, “Facebook” şirkəti “məlumatların məxfiliyi və rəqabətin müdafiəsi haqqında qanunvericiliyi bilərəkdən və qəsdən pozub”. Lakin böyük texnologiya şirkətlərinin ölçüsü və qlobal iştirakı ABŞ-dan başqa ölkənin onlara təsir göstərməsini çətinləşdirir”, - Vuds qeyd edir.

“Britaniya qlobal texnologiya şirkətlərindən asılı vəziyyətdədir. Onların da hamısı ya Amerikanındır, ya Çinin. Bu səbəb Britaniya həmin şirkətləri tənzimləməyə çalışmalıdır. Britaniya AB-dən çıxan kimi dilemma ilə üzləşəcək: Amerikanın təzyiqinə boyun əymək yoxsa AB normalarına oxşar tənzimləmə normaları tətbiq etmək? “Brexit” tərəfdarları bəyan edir ki, Britaniya özünün “qlobal strategiyası”nı yaratmaq iqtidarındadır”, - müəllif vurğulayır.

“Lakin Trampın Ağ Evə rəhbərlik etməyə, AB ilə danışıqlarda Britaniyanın mövqeyinin zəifləməyə başladığı vaxtdan bəri həmin sarsılmaz müttəfiqlərin kim olduğu aydın deyil. Yeri gəlmişkən, 12 dekabrdan sonra yaradılacaq hökuməti daha çətin qərarlar gözləyir”, - məqalənin sonunda deyilir.