DÜNYA

07 May

Ərdoğan Türkiyədə inflyasiyanın yavaşlamağa başlayacağını proqnoz edir

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə inflyasiya dərəcələri hökumətin proqnozlarına uyğundur və hökümət nümayəndələri illik inflyasiyanın yay aylarında yavaşlamağa başlayacağını və birrəqəmli göstəricilərə nail olmaq planının yerinə yetiriləcəyini ehtimal edirlər.

Fins.az Türkiyənin Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, xəbər verir ki, mart ayı ilə müqayisədə aprel ayında illik inflyasiya 68.5%-dən 69.80%-ə yüksəlib. Bu, illik inflyasiyanın 84.39% olduğu 2022-ci ilin noyabr ayından bugünə ən yüksək göstəricidir. Eyni zamanda, müstəqil iqtisadçı qrupu “ENAG” ötən ayın sonunda illik inflyasiyanın 124.35% səviyyəsində qiymətləndirib. Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək daha əvvəl bəyan etmişdi ki, hökumət 2026-cı ilə qədər qiymət sabitliyinə və birrəqəmli inflyasiyaya nail olmağı özünə məqsəd qoyub.

“X” social səbəkəsinin özünə aid profilində Ərdoğan yazıb: "Biz bilirik ki, inflyasiya göstəriciləri ümumilikdə proqnozlarımıza uyğundur, lakin bəzi sahələrdə, məsələn, ərzaq və xidmətlərdə bu göstəricilər hələ də yüksəkdir. Ümid edirik ki, yay aylarında illik inflyasiya azalmağa başlayacaq. Biz lazımı addımları atırıq. Həyat və dolanışıq problemlərini həll etmək üçün düzgün siyasətlə inflyasiyanı bir rəqəmli göstəriciyə endirmək əzmindəyik”.

Yüksək inflyasiya fonunda Türkiyə Böyük Millət Məclisi bu həftə qiymətləri süni şəkildə artıranlara qarşı cəza tədbirləri haqqında qanun layihəsini müzakirə edəcək: 100 min lirədən (3 min dollardan çox) 1 milyon lirəyə (31 min dollar çox) qədər cərimələrin tətbiqi planlaşdırılır.