DÜNYA

01 May

Yaponiyada sənaye istehsalı mart ayında 1.1% azalıb

Finss.az - Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hesabatına əsasən, fevral ayında qeydə alınmış 2.3%-lik artımdan sonra mart ayında Sənaye Sektorunda İstehsal Həcmi 1.1% azalıb. 

Analitiklər sənaye istehsalında 0.5%-lik azalmanın olacağını proqnozlaşdırmışdılar. Avtomobil istehsalı 5.9%, elektronika və rabitə avadanlıqları istehsalı isə 4.4% azalıb. İllik müqayisədə isə mart ayında sənaye istehsalı Yaponiyada 0.3% azalıb (fevral ayında 0.1%-lik artım olmuşdu). Ölkədə pərakəndə satışlar fevral ayı ilə müqayisədə mart ayında 1.2% azalıb ki, bu da son altı ay ərzində ən böyük azalma hesab olunur. İllik müqayisədə isə pərakəndə satışlar 3.1% artıb. Analitiklər göstəricinin 3.6% artacağını ehtimal edirdilər.

Yenilənmiş məlumatlara görə, fevral ayında pərakəndə satışlar aylıq ifadədə 0.4%, illik ifadədə isə 1.3% artıb. Mart ayında tekstil, geyim və şəxsi istifadə əşyaları mağazalarında satışlar illik müqayisədə 7.6%, aptek və kosmetika mağazalarında 3.7%, ərzaq mağazalarında isə 1.9% artıb. Avtomobil satışları 1.5%, yanacaq satışları isə 1.8% artım göstərib. Eyni zamanda, universal mağazalardakı satışlar 1.2% azalıb.