Finss.az - Çin Xalq Respublikasında 2024-cü ilin aprel ayında sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% artıb.
Bu barədə Çinin Dövlət Statistika İdarəsi məlumat yayıb. Mart ayı ilə müqayisədə artım tempi zəifləsə də (martda bu göstərici 7,7% təşkil edib), nəticə analitiklərin proqnozlarını üstələyib. Belə ki, Trading Economics-in məlumatına görə, mütəxəssislər 5,5%-lik artım gözləyirdilər.
Sənaye sahələri üzrə baxıldıqda, emal sənayesində istehsal 6,6%, mədən sənayesində 5,7%, neft və qaz hasilatında isə 4,3% artım göstərib. Rəngli metalların istehsalı 7,5%, kompüter və rabitə avadanlıqları 10,8%, avtomobil istehsalı isə 9,2% artıb. Ümumilikdə 41 sənaye sahəsindən 36-da artım müşahidə olunub.
Yanvar-aprel aylarını əhatə edən dövrdə sənaye istehsalı 6,4% artım göstərib.
Pərakəndə satışlarda da artım müşahidə olunub. Aprel ayında satışlar 5,1% artıb ki, bu da martdakı 5,9%-lik göstəricidən bir qədər aşağıdır. Ekspertlər isə 5,5%-lik artım proqnozlaşdırırdılar.
Ən yüksək artım zərgərlik məmulatlarında (25,3%) və idman-əyləncə məhsullarında (23,3%) qeydə alınıb. Ərzaq məhsullarının satışında 14%, alkoqolsuz içkilərdə 2,9%, avtomobillərdə isə 0,7% artım müşahidə edilib. Ümumilikdə ilin ilk dörd ayında pərakəndə satışlar 4,7%, onlayn satışlar isə 7,7% artıb.
Əsas kapitala yönələn investisiyalar isə yanvar-aprel aylarında 4% artıb. İnfrastruktur sahəsinə yatırımlar 5,8%, emal sənayesinə isə 8,8% artıb. Əvəzində daşınmaz əmlaka yatırımlar 10,3% azalıb.
Eyni zamanda, ölkədə aprel ayında işsizlik səviyyəsi 5,1%-ə düşüb. Bu göstərici dekabr ayından bəri qeydə alınan ən aşağı səviyyədir. Mart ayında işsizlik 5,2% təşkil etmişdi.