DÜNYA

23 İyun

Yeni Zelandiyada investisiya vizasına maraq kəskin artdı

Finss.az - Yeni Zelandiyada investisiya vizası üzrə müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə “Reuters” agentliyi ölkə hökumətinə istinadən məlumat yayıb. Artım, hökumətin 2024-cü ilin aprelində vizaya dair tələbləri yumşaltması ilə əlaqələndirilir.

Yeni qaydalara əsasən, yüksək riskli investisiyalar üçün tələb olunan minimum vəsait 15 milyon Yeni Zelandiya dollarından 5 milyon dollara (təxminən 3 milyon ABŞ dolları) endirilib. Həmçinin, ingilis dili biliyinə dair tələb ləğv edilib.

Yeni Zelandiyanın immiqrasiya naziri Erika Stenford bildirib ki, yeni müraciətlər ölkə iqtisadiyyatına 845 milyon Yeni Zelandiya dolları (503 milyon ABŞ dolları) dəyərində potensial investisiya gətirə bilər.

Yenilənmiş Active Investor Plus proqramı çərçivəsində cəmi üç ayda 189 müraciət qəbul edilib. Müqayisə üçün qeyd edək ki, əvvəlki şərtlərlə bu göstərici son 2,5 ildə 116 idi. Ən çox müraciət ABŞ vətəndaşlarından daxil olub — 85 ərizə. Onları Çin (26 müraciət) və Honq-Konq (24 müraciət) izləyir.

Qeyd edək ki, bu proqramın fonunda Yeni Zelandiya iqtisadiyyatı ilin əvvəlindən gözləntiləri üstələyən artım tempi nümayiş etdirir.

Son illərdə isə əksər ölkələr investisiya qarşılığında vətəndaşlıq və ya yaşayış icazəsi verən proqramları ya dayandırıb, ya da sərtləşdirib. Böyük Britaniya, İrlandiya, Niderland və İspaniya “qızıl vizaları” tamamilə ləğv edib. Portuqaliya daşınmaz əmlakı uyğun investisiyalar siyahısından çıxarıb, Yunanıstan isə minimum sərmayə məbləğini artırıb. Avstraliya investor vizalarını dondurub, Karib hövzəsi ölkələri isə Aİ və ABŞ-ın təzyiqi ilə “qızıl pasportların” qiymətini artırıb və yoxlama mexanizmlərini sərtləşdirib.