DÜNYA

07 İyul

Aİ Çinlə iqlim sənədini imzalamır

Finss.az - Avropa İttifaqı (Aİ) Çinlə qarşılıqlı iqlim tədbirləri üzrə birgə öhdəlik sənədini imzalamaqdan imtina edib.

Bu barədə Aİ-nin iqlim üzrə komissarı Vopke Hekstranın “Financial Times”a verdiyi açıqlamada deyilir.

Brüssel, Çinlə diplomatik münasibətlərin qurulmasının 50 illiyinə həsr olunmuş sammit öncəsi Pekinin qarşılıqlı iqlim təşəbbüsləri ilə bağlı təkliflərini geri çevirib. Aİ rəsmiləri bildirirlər ki, yalnız Çin istixana qazı emissiyalarının azaldılmasına dair daha ciddi öhdəlik götürəcəyi halda belə bir razılaşma mümkündür.

“Bizim üçün bu cür sənəd yalnız konkret problemlərə yönəlik və yüksək ambisiya göstərən bir məzmuna malik olduqda məntiqlidir”, – deyə Hekstra qeyd edib.

Qeyd edək ki, Çin və Aİ dünya üzrə ikinci və üçüncü ən böyük iqtisadi güclərdir və onların iqlim sahəsində əməkdaşlığı qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir.