Finss.az - ABŞ iqtisadiyyatını yaxın vaxtlarda üçqat təzyiq gözləyir – inflyasiya riskləri, tarif təhdidləri və uğursuz fiskal siyasət bazarlarda panikaya səbəb ola bilər.
Bu barədə tanınmış iqtisadçı və investor Piter Şiff iyulun 5-də sosial şəbəkədə paylaşdığı fikirlərdə xəbərdarlıq edib.
Şiff qeyd edib ki, qarşılıqlı tariflərin bərpası investorların narahatlığına səbəb olacaq və bu, ABŞ dolları, xəzinə istiqrazları və səhmlərin dəyərində kəskin enişlərə yol aça bilər. Onun sözlərinə görə, yeni enişlər əvvəlki qədər olmasa da, bazar gözləntilərindən daha ciddi olacaq.
Eyni zamanda, Şiff ABŞ Prezidenti Donald Trampın Vyetnamla ticarət sazişi barədə bəyanatlarını da tənqid edib. Tramp Vyetnam mallarına 20–40%-lik tariflər tətbiq ediləcəyini bildirsə də, Şiff izah edib ki, bu tarifləri əslində amerikalı istehlakçılar ödəyəcək.
Bundan əlavə, iqtisadçı Trampın vergi güzəştlərinin struktur baxımından düzgün olmadığını vurğulayıb. Onun fikrincə, bu addımlar iqtisadiyyatı stimullaşdırmaq əvəzinə, uzunmüddətli dövrdə inflyasiyanı və faiz dərəcələrini artıracaq. Şiff davamlı artım üçün yığım və investisiyalara dəstək verilməsinin vacibliyini qeyd edib.