Finss.az - Çin iyun ayında nadir torpaq metallarından hazırlanmış məhsulların ixracını əhəmiyyətli dərəcədə artırıb.
Bu, Pekin hökumətinin tətbiq etdiyi sərt ticarət məhdudiyyətlərindən sonra qlobal bazarda tədarük zəncirinin bərpa oluna biləcəyi ehtimalını gündəmə gətirib. Bloomberg agentliyinin məlumatına görə, ötən ay bu məhsulların ixracı mayla müqayisədə 80% artaraq 3 808 tona çatıb.
Qeyd edək ki, may ayında ixrac həcmi son beş ilin ən aşağı səviyyəsində – 2 115 ton təşkil etmişdi. İyundakı artım əsasən yüksək texnologiyalı məhsullarda – elektromobillər, smartfonlar və hərbi təyyarələrdə istifadə olunan nadir torpaq maqnitləri hesabına baş verib.
Xatırladaq ki, Çin hökuməti bu ilin aprelindən etibarən 17 nadir torpaq elementindən yeddisi və onlardan hazırlanan maqnitlərin ixracına nəzarəti sərtləşdirib. Məqsəd bu sahədə ölkənin geosiyasi mövqeyini gücləndirmək idi. Lakin sərt məhdudiyyətlər yalnız ABŞ deyil, eyni zamanda Avropa və Hindistan daxil olmaqla bir sıra ölkələrin narazılığına səbəb olub.
Hazırda bu kateqoriyadan olan bütün ixrac əməliyyatları üçün Çin Ticarət Nazirliyi tərəfindən lisenziya verilməsi tələb olunur. Nazirlik bu lisenziyaların verilməsində gecikmələri aradan qaldırmağa çalışır.
Eyni zamanda, bu həftə açıqlanan rəsmi statistikaya əsasən, Çindən nadir torpaq filizi, konsentratları və oksidlərinin ixracı may ayında 2009-cu ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. Bu isə beynəlxalq alıcıların xammalı Çin xaricindən təmin etməyə çalışdığını göstərir.
Bununla belə, Çin Dövlət Təhlükəsizlik Nazirliyi nadir torpaq metallarının qaçaq yollarla ölkədən çıxarılmasına qarşı sərt tədbirlər görəcəyini bəyan edib. Nazirlik bəzi xarici təşkilatları bu metalların poçt yolu ilə ölkədən çıxarılmasını təşkil etməkdə ittiham edib.
Mütəxəssislər hesab edir ki, nadir torpaq metallarının qlobal ticarətində baş verən bu dəyişikliklər texnologiya və müdafiə sənayesindəki qiymətlərə və təchizat sabitliyinə birbaşa təsir edə bilər.