DÜNYA

06 Avqust

Dünya Bankı Türkiyənin elektrik enerjisi sisteminin transformasiyası üçün 747 milyon dollardan çox maliyyə ayırıb

Dünya Bankı Türkiyədə elektrik enerjisi sisteminin müasirləşdirilməsi məqsədilə “Elektrik Enerjisinin Ötürülmə Sisteminin Transformasiyası” layihəsinə iri həcmli maliyyə paketi təsdiqləyib.

Finss.az Dünya Bankına istinadən xəbər verir ki, layihənin əsas məqsədi ölkənin elektrik şəbəkəsinə daha çox bərpa olunan enerjinin inteqrasiyası, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf hədəflərinə dəstək göstərməkdir.

Ümumi maliyyələşdirmənin həcmi 747,9 milyon dolları ötür. Bu vəsaitin 625 milyon avrosu (təxminən 707,9 milyon dollar) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti, 32,8 milyon avrosu (təxminən 38 milyon dollar) Təmiz Texnologiyalar Fondunun krediti, 2 milyon dolları isə həmin fond tərəfindən ayrılan qrant şəklində təqdim olunub.

Layihə Avropa və Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Miqyaslandırılması proqramının yeddinci mərhələsində icra olunur və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi Bərpa Olunan Enerji Strategiyasını dəstəkləyir.

Strategiyaya əsasən, 2035-ci ilədək ölkədə 120 QVt külək və günəş enerjisi gücü quraşdırılmalı, 2053-cü ilədək isə karbon neytrallığına nail olunmalıdır.

Layihə çərçivəsində yeni yarımstansiyaların tikintisi, mövcud şəbəkələrin yenilənməsi, elektrik ötürmə xətlərinin genişləndirilməsi, 1,7 QVt gücündə bərpa olunan enerjinin şəbəkəyə qoşulması və enerji sisteminin rəqəmsallaşdırılması (SCADA/EMS sistemlərinin modernləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi) planlaşdırılır.

Dünya Bankının Türkiyə üzrə direktoru Umberto Lopes qeyd edib ki, bu transformasiya ölkənin enerji təhlükəsizliyini gücləndirəcək, idxaldan asılılığı azaldacaq, iqtisadi imkanlar yaradacaq və minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.