DÜNYA

04 Noyabr

Orta Dəhlizlə konteyner daşımalarının həcmi son bir ildə 3 dəfə artıb

Orta Dəhliz vasitəsilə həyata keçirilən konteyner daşımalarının payı sürətlə artır. Son 12 ay ərzində bu istiqamət üzrə daşımaların həcmi üç dəfə artıb.

Finss.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərində keçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son iki ildə Orta Dəhlizlə ticarət dövriyyəsi iki dəfədən çox artıb2030-cu ilə qədər bu göstəricinin yenidən iki dəfə artacağı proqnozlaşdırılır.

“Bu gün biz sürətli dəyişikliklərin və davamlı transformasiyaların müşahidə olunduğu bir dövrdə yaşayırıq. Dünya getdikcə daha çox bir-biri ilə əlaqələndikcə logistika sahəsində əməkdaşlıq, innovasiyalar və vahid standartlara ehtiyac heç vaxt indiki qədər vacib olmayıb”, – deyə Umberto de Pretto qeyd edib.

IRU baş katibi həmçinin vurğulayıb ki, “Kəmər və Yol” təşəbbüsü artıq real iqtisadi reallığa çevrilib:

“Yük avtomobilləri bu marşrutlar vasitəsilə qitələri və bazarları heç vaxt olmadığı qədər birləşdirir.”

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat və ticarət marşrutudur. Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçib Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanır.

Bu dəhliz ənənəvi Şimal və Cənub marşrutlarına alternativ olaraq Asiyanın şərq regionlarını Avropa ilə daha qısa və səmərəli quru yolu vasitəsilə birləşdirir.

Fuad Mədətov
Finss.az