Elm

30 İyun

Amerikalı alimlər üz tanıma ilə bağlı elmi fikirləri təkzib etdilər

Finss.az - Sent-Luisdəki Vaşinqton Universiteti və digər tədqiqat mərkəzlərinin alimləri insan beyninin üzləri necə tanıdığını araşdıraraq, bu sahədə mövcud olan fikirləri yenidən nəzərdən keçirməyə səbəb olublar.

Tədqiqatın nəticələri nüfuzlu Nature Human Behavior (NHB) elmi jurnalında dərc olunub.

Ənənəvi yanaşmaya görə, beynin amigdala və hipokampus adlı sahələri daha çox insanın şəxsiyyətinə və yaddaşa bağlı reaksiyalara cavab verir. Lakin son araşdırmalar bu fikri alt-üst edib.

Tədqiqatçılar epilepsiya müalicəsi üçün beyinə elektrodlar yerləşdirilmiş 19 könüllü üzərində dörd təcrübə aparıblar. Onlara həm tanış, həm də tanımadıqları şəxslərin üz görüntüləri təqdim edilib və nəticədə alimlər bu stimullara qarşı beyində baş verən neyron reaksiyalarını analiz ediblər.

Ümumilikdə 3581 neyronun fəaliyyəti qeydə alınıb. Əldə edilən nəticələr göstərib ki, bu neyronların bəziləri konkret olaraq vizual xüsusiyyətlərə – yəni, üz forması və detallarına – reaksiya verir. Bu neyronlar, şəxsin tanınmasından asılı olmayaraq, onun xarici görünüşünü vizual əsasda “qruplaşdıraraq” kodlayır.

Alimlər bu neyronları “xüsusiyyət neyronları” adlandırıblar. Onların fikrincə, bu kəşf beynin vizual qavrayışla yaddaş arasındakı əlaqəni anlamağa yeni bir baxış gətirir. Eyni zamanda, nəticələr prosopaqnoziya (üz tanıma pozğunluğu) və digər idrak problemlərinin öyrənilməsi üçün də əhəmiyyətli perspektivlər açır.