Elm

28 İyul

“Orta Dəhliz” kitabı Rumıniyada nəşr edildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)  və  CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutunun əməkdaşlığı ilə ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabı Rumıniyada nəşr edilib.

İİTKM-dən Finss.az-a verilən məlumata görə, 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab  Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tırqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitabda Orta Dəhlizin strateji əhəmiyyəti, inkişaf dinamikası və perspektivləri üzrə dərin təhlillər aparılıb. Müəlliflər tərəfindən dəhliz boyunca yerləşən ölkələr üçün iqtisadi təsirlər, daha çevik və səmərəli nəqliyyat idarəetmə strategiyaları, logistika sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi araşdırılıb, potensialın artırılması üçün müvafiq elmi-konseptual təkliflər verilib.

Kitab səkkiz fəsildən ibarətdir:

  • Orta Dəhlizə baxış: ticarət və tranzit infrastrukturu;
  • İpək Yolu regionunda enerji geosiyasəti;
  • Orta Dəhliz enerji dəhlizi kimi: Avropa İttifaqı üçün perspektivlər və çağırışlar;
  • Orta Dəhlizin potensialının reallaşdırılması;
  • Xarici ticarətdə milli valyutaların istifadəsi üçün yeni ödəniş və hesablaşma sistemləri: FinteX, DeFi-nin təsirləri və imkanları;
  • Orta Dəhliz boyunca ticarət, investisiya, azad iqtisadi zonalar və Yerli KOB-lar üçün bərabər çıxışın təşviqi
  • Avrasiyada regional infrastruktur və geosiyasi dəyişikliklər;
  • Orta Dəhlizin ali təhsil, tədqiqat və innovasiya layihələrində rolu: əldə olunmuş nəticələr və gələcək üçün strateji yol xəritəsi

“Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı nəqliyyat, logistika və iqtisadiyyat sahələrində çalışan mütəxəssislər, tələbələr, tədqiqatçılar, həmçinin özəl sektor nümayəndələri, investorlar və aidiyyəti dövlət qurumları üçün dəyərli mənbədir.

Kitabın elektron versiyası ilə tanış olmaq üçün:
//ereforms.gov.az/az/publications/39

Fuad Mədətov
Finss.az