İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlıya “İkinci Beynəlxalq Türk Dünyası Elm Mükafatları” (2. Uluslararası Türk Dünyası Bilim Ödülleri) üzrə təltifetmə mərasimində İqtisadiyyat elmi üzrə ali mükafat təqdim edilib.
Mükafatlandırma mərasimi Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşadakı Prezident Kompleksində keçirilib. Tədbirdə çıxış edən ŞKTC prezidenti Ersin Tatar bildirib ki, Türk Dünyası Elm Mükafatları türk dövlətlərinin elm, mədəniyyət, ictimai-siyasi həyatında müstəsna rolu olan alimlərə təqdim edilir. Bu təşəbbüs Türk dünyasında elmi əməkdaşlığı gücləndirmək və birgə layihələri reallaşdırmaq üçün mühüm rol oynayır.
Professor Vüsal Qasımlı Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti üzrə müstəsna xidmətlərinə görə “İqtisadiyyat elmi” üzrə təltif olunub.
Türk Dövlətləri Təşkilatı (TDT), TİKA, YTB və EVKAF təşkilatlarının dəstəyi ilə keçirilən mərasimdə elmin müxtəlif sahələri üzrə 15 nominasiyada mükafatlar təqdim olunub.
İİTKM TDT ilə əməkdaşlıq çərçivəsində rüblük olaraq 8 dildə “Türk iqtisadi icmalı”nı təqdim edir. Vüsal Qasımlının elmi redaktorluğu ilə ingilis dilində çap edilən “Türk dövlətləri iqtisadiyyatı”, “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabları Türk dövlətlərinin iqtisadi dinamikası, birgə reallaşdırılan irimiqyaslı layihələr, ticarət, nəqliyyat, logistika və s. sahələr üzrə dərin təhlillər təqdim edir. Bu nəşrlər dünyanın aparıcı beyin mərkəzlərində, elmi konfranslarda təqdim olunur, təhsil və tədqiqat materialları kimi geniş istifadə edilir.



