Finss.az - “Maliyyə Savadlılığı Viktorinası” 13–15 yaş arası məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən bilik yarışıdır. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə təşkil olunur.
Viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.
Yarış üç mərhələdən ibarət olacaq:
• 7 noyabr 2025-ci il – İlkin elan və qeydiyyat mərhələsi (“Google Forms” vasitəsilə). Bu mərhələdə təqdim edilən suallar əsasında ilkin qiymətləndirmə aparılacaq və yarımfinala keçəcək 100 nəfər müəyyən ediləcək.
• 27 noyabr 2025-ci il – Onlayn yarımfinal (“Zoom” və “Kahoot!” platformaları vasitəsilə). Bu mərhələdə 20 nəfər finalçı seçiləcək.
• 11 dekabr 2025-ci il – “Maliyyə Savadlılığı Viktorinası”nın final mərhələsi (Bakı şəhərində, üzbəüz formatda). İlk 3 yerin qalibləri mükafatlandırılacaq, digər iştirakçılara isə xatirə hədiyyələri təqdim ediləcək.
Qeyd: Tarixlərdə dəyişiklik ola bilər. İştirakçıların bu barədə məlumatlı olmaları tövsiyə edilir.
Əsas iştirak şərti
Məktəblinin doğum tarixi 8 noyabr 2009-dan - 7 noyabr 2012-dək (hər iki tarix daxil) olmalıdır.
Qeydiyyat qaydaları
Qeydiyyat linki 21 noyabr 2025-ci il, saat 18:00-dək aktiv olacaq.
İlkin seçim turunda iştirak etmək üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək və təqdim edilən sualları cavablandırmaq tələb olunur:
Qeydiyyat zamanı məktəblinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) sistemə (Google Forms) yüklənməsi zəruridir. Buna görə, qeydiyyata başlamazdan əvvəl sənədlərinizi hazır etməyiniz tövsiyə olunur.
Əlavə məlumat
Viktorina “Bank VTB Azərbaycan” ASC, “Ziraat Bank Azərbaycan” ASC, Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABA-ya üzv digər bankların maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, tədbirin təşkilatçılarından olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın təlim mövzusu üzrə 38 mindən çox dinləyiciyə 2600-dən artıq təlim kursu təşkil edilmişdir.

