Finss.az - Azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya satın alıb.
Sadıqov daha əvvəl Rusiya "Ximki" klubunun əsas səhmdarı olub. Yeni sahibkar Türkiyə I Liqasına yüksələn "Serik Belediyespor"un baş məşqçisi kimi Azərbaycanda da fəaliyyət göstərmiş Sergey Yuranı təyin etməyi planlaşdırır. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib.
Sergey Yuran son olaraq 2024-cü ilin aprelində "Pari NN" komandasından ayrılıb. O, 2011-ci ilin iyulundan 2012-ci ilin fevralınadək Zaqatalanın "Simurq" klubunda baş məşqçi kimi çalışıb. Həmçinin, 2022-ci ilin fevralından avqustuna qədər Rusiya "Ximki" klubunda da eyni vəzifədə olub.
Qeyd edək ki, "Ximki" 2024/2025 mövsümündə 30 oyundan 29 xalla Rusiya Premyer Liqasında 12-ci yeri tutaraq liqada qalsa da, ödənilməmiş borclar səbəbindən Rusiya Futbol İttifaqı kluba növbəti mövsüm üçün lisenziya verməyib. Nəticədə iyunun 18-də klub fəaliyyətini dayandırıb.