İdman

25 İyun

Mahir Emreli “Kayzerslautern”də ilk oyununu gözləyir

Finss.az - Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb.

Futbolçu klubun rəsmi saytına açıqlamasında yeni komandasında çıxış etməyə həvəslə yanaşdığını bildirib.

“Kayzerslautern” böyük bir klubdur. Mən Almaniyaya gəlməmişdən əvvəl də bu komandanı tanıyırdım”, – deyə Mahir vurğulayıb.

Emreli keçid qərarına azarkeş atmosferinin də ciddi təsir etdiyini qeyd edib: “Keçən mövsüm “Nürnberq”lə bu stadionda oynayanda azarkeşlərin enerjisini, arenanın atmosferini hiss etdim. Bu, təsirli idi və kluba keçmək qərarımda mühüm rol oynadı”.

O bildirib ki, klubun ona göstərdiyi diqqət və etimad qərar verməsini asanlaşdırıb: ““Kayzerslautern” mənim üçün çox çalışdı. Bir çox yaxşı söhbətlərimiz oldu və mənə böyük etimad göstərildiyini hiss etdim. Bu etimadı meydanda qaytarmaq istəyirəm”.

Azərbaycanlı hücumçu yeni mövsümə böyük motivasiya ilə hazırlaşdığını da əlavə edib: “Artıq ilk oyuna başlamağı səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəyəm və komandamızın məqsədlərinə çatmasında pay sahibi olmağa çalışacağam”.

Qeyd edək ki, Mahir Emreli bundan öncə Almaniyanın digər klubu “Nürnberq”də çıxış edib. Onun “Kayzerslautern”lə imzaladığı müqavilənin detalları hələlik açıqlanmayıb.