Finss.az - İspaniyanın məşhur "Barselona" Futbol Klubunun Bakıda açacağı futbol akademiyası ilə bağlı işlərə start verilib.
“Report”un məlumatına görə, akademiya “ASK Arena” ərazisində yerləşəcək. Hazırda stadionda genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.
Təxminən 9500 kvadratmetr sahəsi olan əsas meydança və 4200 kvadratmetrlik yardımçı məşq sahəsinin yenidən qurulması, həmçinin yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunur.
Layihə çərçivəsində aşağıdakı infrastruktur yenilikləri də həyata keçiriləcək:
-
Futbol meydançalarının müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchizi;
-
Paltardəyişmə otaqları, sanitar qovşaqları və yardımçı texniki sahələrin əsaslı təmiri;
-
İnzibati binada ventilyasiya və kondisioner sistemlərinin qurulması.
Akademiyanın açılması təşəbbüsü "Barselona" rəhbərliyinin Asiyada reallaşdırdığı layihələr fonunda formalaşıb. Bu məqsədlə klub prezidenti Xuan Laporta cari ilin mart ayında Azərbaycana səfər edib və ölkə başçısı İlham Əliyevlə görüşüb.
Yeni akademiya, həm idman infrastrukturu baxımından, həm də ölkəyə xarici investisiya və idman təcrübəsi gətirməsi baxımından əhəmiyyətli addım hesab olunur.